Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşmüşdür.

Ali Məclisin Sədri Türkiyə Böyük Millət Məclisinə deputat və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbər seçilməsi münasibətilə Şamil Ayrımı təbrik etmiş, bu seçimin Azərbaycan-Türkiyə əlaqələri üçün faydalı olacağını bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin Sədri Şamil Ayrımın bu sahədəki xidmətlərini xatırladaraq ona təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

   Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue ilə görüşüb.
Ali Məclisin Sədri qonağı salamlayıb, Norveç Krallığının Azərbaycandakı səfirliyinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni qeyd edib. İkitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolundan, təhsil, mədəniyyət və ticarət sahələrindəki əlaqələrdən bəhs edən Ali Məclisin Sədri muxtar respublikanın universitetlərinin Norveç universitetləri ilə birlikdə TEMPUS və ERASMUS proqramlarında iştirakını diqqətə çatdırıb.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Norveç Krallığı arasında elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirib.

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

   Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov çıxış edərək demişdir ki, muxtar  respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu da kiçik və orta sahibkarlığın inkişafına  əlavə  imkanlar  açır. Ədalət Hüseynov ailə təsərrüfatlarının inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmişdir.
Məlumat verilmişdir ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 319 ailə təsərrüfatı tərəfindən 418 növdə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdır. Festival iştirakçılarına adı dillər əzbəri olan Naxçıvan məhsulları – Nehrəm pendiri və qatığı, Ordubad alanası, sucuğu, cəvizi, Şərurun müxtəlif çeşidli ət və balıq məhsulları, meyvə araqları, Sədərək çörəyi, Şahbuz qaymağı və xaması, Qıvraq badamı, Naxçıvan qovurması, mürəbbə və şirniyyatları, eləcə də lavaşalar, turşular, meyvə şirələri təqdim olunurdu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.


Ali Məclisin Sədri Azərbaycanın və Rusiyanın dost ölkələr olduğunu və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirdi. Naxçıvan Muxtar Respublikası ilə Rusiya arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin Sədri qeyd etdi ki, hazırda ikitərəfli münasibətlər iqtisadi-ticarət, təhsil, hava nəqliyyatı və turizm sahələrində inkişaf etdirilir. Naxçıvan şəhərində rusdilli məktəb fəaliyyət göstərir, ali təhsil müəssisələri arasında təcrübə mübadiləsi aparılır, Naxçıvan Dövlət Universitetində rus dili ixtisası, ümumtəhsil məktəblərində isə rus dili fənni tədris olunur.

Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər verilmişdir

   Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir.
Noyabrın 2-də Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxmışlar.
Qeyd olunmuşdur ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, hava limanına 25 adda 30 yeni texnika və avtomobil alınmışdır.