AZƏRBAYCAN BAYRAĞI DÖVLƏTÇİLİYİMİZİN, MÜSTƏQİLLİYİMİZİN RƏMZİDİR _____________________________________________________________________

Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikası da dünya birliyinin tamhüquqlu üzvü kimi müvafiq dövlət rəmzlərinə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”.

Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir. “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamında deyildiyi kimi:

“Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”. Azərbaycanda dövlət rəmzlərinin qəbulunun özünəməxsus tarixi vardır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edilib. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.

Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin... Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı. Bundan sonra Dövlət bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olundu və məcburi köçkünlərin öz doğma torpaqlarına “Qayıdış Proqramı”nın icrasına başlanıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək deyib: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır... Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

2007-ci ilin 17 noyabrında ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam vermişdir. Həmin sərəncama uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmiş, 01 sentyabr 2010-cu il tarixdə Bakıda Dövlət Bayrağı meydanının təntətənli açılışı olmuşdur. Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında " 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Muzey 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlamışdır. Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında nadir quruluşa malik Bayraq Muzeyi yaradılıb. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunub. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının qəbul edildiyi 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı günü kimi rəsmi bayram statusu almışdır. Hər il bu bayram müstəqil Azərbaycanda böyük təntənə ilə qeyd olunur.

Müstəqil Azərbaycanın dövlət bayrağı ölkəmizin və xalqımızın milli-mənəvi dəyərlərini özündə yüksək səviyyədə əks etdirir. Bayrağımızdakı mavi rəng türklük, yaşıl rəng müsəlmanlıq rəmzidir, qırmızı rəng isə müasirliyin simvoludur. Türkçülük, islamçılıq və müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası ötən əsrin əvvəllərində bir sıra Azərbaycan mütəfəkkirlərinin əsərlərində ifadəsini tapan müvafiq ideyalardan qaynaqlanır.

Müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri də Dövlət Gerbidir. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycanın gerbi bayraq ilə bərabər, bizim dövlət müstəqilliyimizi təmsil edən atributdur”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyasında Dövlət bayrağının qəbulu ilə yanaşı, Dövlət Gerbi məsələsinə də baxılmış, bu istiqamətdə görüləcək işlərə diqqət yönəldilmişdir. Bir müddət sonra respublikamızda Dövlət Gerbinin ən yaxşı təsviri üçün müsabiqə keçirilmiş, son nəticədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış layihəyə əsaslanan varianta üstünlük verilmişdir. Beləliklə, bugünkü Dövlət Gerbimizin təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.

Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır. Azərbaycanın Dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət gerbi haqqında qərarın qəbul edilməsi mümkün olmayıb.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunub və 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Dövlətin əsas atributlarından biri də Dövlət Himnidir.1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Himninin hazırlanması və qəbulu üçün müsabiqə elan olunmuş, bir sıra tədbirlər həyata keçirilmişdi. Lakin 1920-ci ilin 28 aprel işğalı bu sahədə görülən işləri tam şəkildə başa çatdırmağa imkan vermədi.

1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Dövlət himninin qəbulu istiqamətində də tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bunun məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Milli Məclisi 27 may 1992-ci il tarixdə “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Milli Məclisin qərarında deyilir: “Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin”.

Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə təsdiqlənib. 2000-ci ildə və 2004-cü ildə ona əlavə də dəyişikliklər edilib. Bu Əsasnaməyə əsasən, Dövlət himni aşağıdakı hallarda ifa olunur:

-Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;

-Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

-dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

-hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;

-Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;

-dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

-Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.

Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himninin hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.

Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur. Azərbaycan himni dünya dövlətlərinin himnləri sırasında özünün həm musiqisi, həm də bədii mətni baxımından dolğunluğu, mükəmməlliyi, ahəngdarlığı ilə çox şərəfli yer tutur, xalqımızın istiqlal duyğusunu, yurd sevgisini, vətən naminə hər cür fədakarlığa hazır olmasını yüksək səviyyədə əks etdirir. Ümummilli liderimiz Heydər Əliyevin xüsusi vurğuladığı kimi: “Himnimizin sözləri də ... bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda, çox əzəmətli musiqidir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbət rəmzidir”. 

 

Turqay Həşimli

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Kadrlar şöbəsinin böyük prokuroru,

II dərəcəli hüquqşünas

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.