1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının

müdafiəsinə xidmət edir

                                                                                                                                                                                                                  “Mən   Azərbaycan   Prokurorluğuna

                                                                                                                                                                                                                   inanıram, güvənirəm və arxalanıram.”

                                                                                                                                                                                                                                                          Heydər Əliyev

                                                                                                                                                                                                                   Azərbaycan xalqının ümummilli lideri  

 

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün-oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğsıının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.

Azərbaycan prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ ölkəmizə rəhbərliyinin birinci dövründə cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda böyük əzm və fədakarlıqla çalışaraq insan hüquq və azadlıqlarının müdafiəsinin ən ali forması kimi qanunlara eyni cür və dürüst əməl edilməsinə nail olmuşdur.

Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində cox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.

Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”,–deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsində 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması üçün hüquqi zəmin formalaşdırmış, prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların dövlət başçısı tərəfindən təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir. Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında" Referendum Aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Ulu öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır. Ümummilli liderin "Prokurorluq peşəsi ağır çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" sözlərini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürlər.

Müstəqil dövlətimizin müntəzəm irəliləyişində müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur.  Ölkəmizin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq prokurorluq orqanları da bu gün əvvəlki istənilən bir dövrdə olduğundan daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirməyə çalışmışdır. İnkişaf etmiş dünya dövlətlərinin bu qəbildən olan qurumlarına məxsus olan müsbət keyfiyyətləri özündə birləşdirən, prokurorluğun müasir dövrdə fəaliyyət istiqamətinə və roluna dair Avropa Şurasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər nüfuzlu beynəlxalq təşkilatların müəyyən etdiyi standartlara cavab verən prokurorluq orqanları, dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına və insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir. Dövtət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi:"Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir."

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilmişdir. Dövlət proqramının icrası üzrə prokurorluğun fəaliyyətinin bütün sahələrini əhatə edən çoxsaylı və əhəmiyyətli tədbirlər həyata keçirilməklə əsaslı təkmilləşməyə və müasirləşməyə nail olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənir. Muxtar respublika prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmiş, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət mühakimə icraatı zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquqmühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqlarına uyğun olaraq, cinayət hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından ən stabil regiona çevrilmiş, cinayət hadisələrinin sayı dəfələrlə azalmışdır. Bu gün muxtar respublikanın prokurorluq orqanları profilaktik tədbirlərin təsirliliyinin artırılmasını diqqət mərkəzində saxlayırlar. Çünki demokratik dövlət quruculuğunda insanların hərtərəfli hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Bununla bağlı hüquqi maarifləndirmə işinin əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri demişdir: “Hüquqi maarif işinin təşkil edildiyi bir cəmiyyətdə işləmək də, yaşamaq da rahatdır və belə cəmiyyət inkişaf edir. Ona görə də bizim əsas vəzifələrimiz hüquq maarifi işini gücləndirməkdən ibarət olmalıdır”. Ali Məclis Sədrinin proqram xarakterli tapşırıqlarını muxtar respublikanın prokurorluq orqanları özləri üçün prioritet vəzifə kimi qəbul edərək əsas diqqəti həyata keçirilən profilaktik tədbirlərin təsirliliyinin artırılmasına yönəltmişlər.

Prokurorluq orqanlarına işə qəbulun müsabiqə qaydasında keçirilməsi prokurorluğun kadr tərkibinin savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün ciddi zəmin yaratmışdır. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqələrin keçirilməsi qaydalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna Naxçıvan Muxtar Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsləri prokurorluq orqanlarına işə qəbul etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətdən istifadə edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aşkarlıq və şəffaflıq şəraitində test imtahanları keçirilmiş və nəticədə, gənc hüquqşünaslar prokurorluq orqanlarına işə qəbul olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müstəqil dövlətin əsas sütunu onun hüquq-mühafizə orqanlarıdır. Hər bir ölkənin ümumi sabitliyi, social-iqtisadi inkişafı, ilk növbədə, həmin ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılıdır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir”.

Bu qayğını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının mohkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şobəsi