Əhalinin ekoloji təhsili və maarifləndirilməsinin ölkəmizdə hüquqi qanunvericilik bazası mövcuddur

  Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Ekologiya təbiətin əlifbasıdır.

  Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televiziya, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.

   Naxçıvan Muxtar Respublikasında isə on illətdir davam edən yaşıllaşdırma və ekoloji abadlıq siyasəti isə kompleks ixtisaslaşmış fəaliyyət şəklini almışdır. Naxçıvanın ekoloji və abadlıq siyasəti real olaraq başqa bölgələrimizə müsbət örnək təşkil etməkdədir. Ona görədə vətəndaşlarımıza bu aktual mövzu ətrafında qısa da olsa məlumat verməyi, cari qanunvericiliyimizdə bu istiqamətdə hansı müddəaların mövcud olduğunu öyrənməyi vacib hesab edirik.        

 Hal-hazırda ölkəmizdə əhalinin əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən 31 yanvar 2003-cü ildən qüvvədə olan “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur.

  Biz, bu yazımızda ölkəmizdə əhalinin ekoloji təhsili və maarifləndirilməsinə xidmət edən məhz həmin qanunun müddəalarından söhbət açacağıq.    “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Qanunun təsir dairəsinə ekoloji təhsil prinsiplərini özündə əks etdirən və dövlət təhsil standartlarına uyğun fasiləsiz ekoloji təhsil və maarifləndirmə sistemi, həmçinin təhsil müəssisələrində ekoloji təhsilə aid informasiya məkanı daxildir. Qanun ekoloji təhsil və maarifləndirmə sahəsində idarəetməni həyata keçirən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə, əhalinin maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasəti ətraf mühitin mühafizəsi və təhsil haqqında qanunvericiliyin tələblərinə, müvafiq dövlət proqramlarına, habelə bunlara dair ölkədə və beynəlxalq təcrübədə mövcud olan prinsiplərə uyğun həyata keçirilir.                                      

  Qeyd edilən qanunda əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin prinsipləri öz əksini tapmışdır. Bu prinsiplərə uyğun hərəkət edərək ekoloji cəhətdən maariflənmənin müasir metodlarla həyata keçrirlməsi hədəflənir.    

  Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən qaydada hazırlanır, qəbul edilir və dərc olunur.                            

  Yerli özünüidarəetmə orqanlarının qeyd olunan qanuna uyğun olaraq öz səlahiyyətləri daxilində ekoloji təhsili və maarifləndirmə sahəsində hüquqları və vəzifələri müəyyən olunmuşdur.

Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları ilə yanaşı əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri də qanunla müəyyən edilmişdir və bunlara dövlət siyasətinə dair təklif və layihələrin, dövlət proqramlarının hazırlanmasında, ekoloji təhsilin keyfiyyəti üzrə aparılan monitorinqdə, sahə üzrə beynəlxalq əməkdaşlıq proqramlarının işlənməsində və həyata keçirilməsində iştirak etmək, təhsil prosesini təmin etmək məqsədilə tələb olunan ekoloji məlumatlara dair sorğu göndərmək və onu əldə etmək, məlumat-tədris və ekoloji təhsil bazasını yaratmaq və ondan istifadə etmək, ekoloji biliklərə yiyələnmək, ekoloji təhsili qanunvericiliyə müvafiq olaraq dövlət təhsil standartlarına uyğun həyata keçirmək və hər kəsi təbiətə qayğı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək aiddir.

Onu da qeyd edək ki, ekoloji təhsil ilə məşğul olan hüquqi və fiziki şəxslər bu sahə üzrə müvafiq sənədə malik olmalıdırlar. Söhbətimizlə bağlı başqa bir məsələ ekoloji təhsil üzrə dövlət təhsil standartlarıdır. Ekoloji təhsil üzrə dövlət təhsil standartları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əlaqədar dövlət orqanlarının iştirakı ilə hazırlanır və təsdiq edilir. Ekoloji təhsil sahəsində təhsil müəssisələrinin tipləri, təhsilalma formaları və mərhələləri üçün nəzərdə tutulan icbari ekoloji təhsil proqramlarının məzmunu müvafiq dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir.    Ekoloji təhsil üzrə dövlətin təhsil standartları ekoloji təhsilin keyfiyyətinin yüksədilməsi, bu sahədə mütəxəssislərin bilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə aparılan attestasiya sənədlərində əsas götürülür.

  Məlumdur ki, istənilən proqramın, fəaliyyətin həayata keçirilməsi üçün maliyyə mənbəyi mövcud olmalıdır. Təbii ki, ekoloji təhsil və maarifləndirmə ilə bağlı fəaliyyətin maliyyə mənbələrinə isə dövlət və yerli büdcələrdən ayırmalar, dövlət ekoloji fondların vəsaitləri və qrantlar, ianələr və qanuna zidd olmayan digər daxilolmalar aiddir.                                   

  Həmin maliyyə vəsaitləri ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı dövlət, regional və digər proqramlar üzrə ekoloji təhsilin və maarifləndirmənin maliyyələşdirilməsinə və ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətini yerinə yetirən hüquqi və fiziki şəxslər üçün maddi və mənəvi stimullaşdırma sisteminin təşkilində istifadə olunur.        

Qanunun yerinə yetirilməsinə dövlət nəzarətini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.   Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il əhalinin ekoloji təhsili və maarifləndirilməsinə dair hesabat hazırlayır və onu dərc edir.             

Qeyri-hökumət təşkilatları bu qanunun icrası ilə bağlı ictimai nəzarətin həyata keçirilməsində iştirak edə, həmçinin sahələrarası komissiyaya və məsləhət şuralarına bu sahəyə aid təkliflər verə bilərlər.

  Hörmətli oxucular! Sonda onu qeyd etmək istəyirəm ki, ekoloji təhsil, ekoloji sağlam mühit kimliyindən asılı olmayaraq hamımıza çox gərəkli olan bir məfhumdur. Ona görə də, istər şəhərdə, istərsə də kənd yerlərində yaşamağımızdan asılı olmayaraq ekoloji cəhətdən sağlam mühitdə yaşamaq naminə üzərimizə düşən mənəvi və maddi borcu yerinə yetirməkdən qaçınmamalı olduğumuzu hər an xatırlamalıyıq. Çünki yer kürəsini bir gəmi kimi düşünsək hamımız bu gəmidə yaşayırıq.                                                                                                                                                                                                      

 

 

                 

                                                                                                                                                                                                                                                                                                          Elvin Zeynalov

Sədərək rayon prokurorluğunun

                                                                                            müstəntiqi, I dərəcəli hüquqşünas

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.